07.10.2013

         “Misirdəki Azərbaycan Diasporu” təşkilatı bu ölkədə yaşayan həmvətənlərimiz adından  Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanatla çıxış edib. Misir Ərəb Respublikasında uzun illərdir yaşayan və azərbaycançılıq ideologiyasına həmişə sadiq qalan, ana dilimizi, mədəniyyətimizi, adət-ənənəmizi və milli-mənəvi dəyərlərimizi qoruyub saxlayan soydaşlarımız Azərbaycanda baş verən proseslərə biganə qalmayıb. Dünya azərbaycanlılarına ünvanlanmış müraciətdə Azərbaycan dövlətinin xaricdə yaşayan həmvətənlərimizə hər zaman göstərdiyi diqqət və dəstək vurğulanır: “Bildiyiniz kimi, 2011 və 2013 illərdə Misirdə baş verən siyasi proseslər nəticəsində ölkədə qeyri-sabit vəziyyətlə əlaqədar Prezident İlham Əliyevin göstərişinə əsasən Azərbaycan icmasının nümayəndələrini Misirdən təcili təxliyə etmək üçün xüsusi təyyarə göndərildi. Bu bir daha sübut edir ki, bizim vətəndən kənarda yaşamağımıza baxmayaraq daim hörmətli prezidentimiz İlham Əliyevin dəstəyi və qayğısı altındayıq”.

         Daha sonra bəyanatda deyilir ki, son illər Azərbaycanın güclü diasporunun formalaşması ilə yanaşı, onun iqtisadiyyatı, hərbi potensialı da inkişaf edib, beynəlxalq aləmdə nüfuzu artıb. Misirdə yaşayan soydaşlarımız müstəqil və gündən-günə inkişaf etməkdə olan Azərbaycanla qürur duyduqlarını bildirir. Onlar ölkəmizi bu səviyyəyə çatdıran hazırkı dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyir, bütün soydaşlarımızı da doğru seçim etməyə çağırır. Misirdəki Azərbaycan diasporu hesab edir ki, Azərbaycan İlham Əliyevin rəhbərliyi altında növbəti beş ildə daha da güclənəcək, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq və ölkəmiz daha da qüdrətli bir dövlətə çevriləcək.