07.10.2013

Belarus Azərbaycan İcmaları Konqresi Belarus Respublikasında yaşayan minlərlə soydaşlarımız adından oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidenti Seçkiləri ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: “Təməli Ümummili liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövlətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən inkişaf etdirilərək dünya birliyində öz layiqli yerini tutması, dünya azərbaycanlılarının təşkilatlandırılaraq vahid azərbaycançılıq məfkurəsi ətrafında birləşdirilməsi, dünyanın müxtəlif ölkələrində olduğu kimi Belarusda yaşayan azərbaycanlıların da ürəyincədir.”

Həmçinin qeyd edilir ki, tarixi vətənimizin inkişafını və xalqımızın yüksək rifah halını nəzərə alan Belarusda yaşayan soydaşlarımız ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının əldə etdiyi uğurları yüksək qiymətləndirir və dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsi üçün onun həyata keçirdiyi qlobal işləri ürəkdən alqışlayırlar.

Bəyanatın sonunda isə 2013-cü il oktyabr ayının 9-da Azərbaycanda keçiriləcək Prezident seçkilərində Belarus Azərbaycan İcmaları Konqresinin İlham Əliyevinnamizədliyini birmənalı şəkildə dəstəklədiyi vurğulanır.